ELM VƏ TƏHSİL
“Sadəcə bir vərəq deməyək” aksiyası başa çatıb
Bakı, 25 iyun, AZƏRTAC
“Yaşıl ASAN” təşəbbüsü çərçivəsində Sumqayıt şəhərindəki təhsil müəssisələrinin şagird və tələbələri arasında kağız tullantılarının yığılması üzrə yarış xarakterli sosial aksiyaya yekun vurulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Sadəcə bir vərəq deməyək” adlı sosial aksiya bu qurumun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərsun Holdinq"in birgə əməkdaşlığı ilə reallaşdırılıb.
Bu il iyunun 1-dən etibarən keçirilən sosial aksiyada Sumqayıt şəhəri üzrə 55 təhsil müəssisəsi iştirak edib.
Aksiyada ən çox fəallıq göstərən təhsil müəssisələrindən Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziya 3 min 100 kiloqram, 14 nömrəli tam orta məktəb 2 min 400 kiloqram, Texniki və Təbiət Elmləri Liseyi 2 min 200 kiloqram, 6 nömrəli tam orta məktəb 2 min 24 kiloqram kağız təhvil verib. Ümumilikdə aksiya çərçivəsində 40 ton kağız tullantı toplanaraq təkrar emala göndərilib.
Hər bir təhsil müəssisəsi topladıqları kağız tullantılarının miqdarına uyğun olaraq, müxtəlif hədiyyələr, diplom, fəxri fərman, təşəkkürnamə ilə mükafatlandırılıb.
Aksiyanın məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.