REGİONLAR
“Şagird-məzun və nəzarətçilərin elektron qeydiyyatı” sisteminin əlaqələndiriciləri üçün seminar təşkil edilib
Naxçıvan, 2 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə şəhər və rayon Təhsil şöbələrinin və təhsil müəssisələrinin “Şagird-məzun” informasiya sisteminin əlaqələndiriciləri üçün seminar təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminarda Regional Bölmənin əməkdaşı Səməndər Nəsirov 2021-ci ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verib.
Qeyd edilib ki, test imtahanlarına muxtar respublikanın ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazası formalaşdırılır. Nəzarətçilər bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə 2014-cü ilin noyabr ayından “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə edilir. Belə ki, bu sistem vasitəsilə nəzarətçilərin qeydiyyatı elektron üsulla aparılır.
Nazirliyin sektor müdiri Məmməd Bayramov isə “Şagird-məzun” sisteminin əhəmiyyəti, bu sahədə həyata keçirilən yeniliklər, yekun qiymətləndirmənin nəticələrinin sistemə işlənməsi haqqında məlumat verib. Vurğulanıb ki, “Şagird-məzun” informasiya sistemləri məlumat bazasında şəhər və rayon Təhsil şöbələrinin müdirləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, əlaqələndiriciləri və şagirdləri haqqında məlumatlar öz əksini tapıb.
Sonra sektor müdiri seminar iştirakçılarına 2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların, buraxılış sinfində təhsil alan bütün şagirdlər barədə zəruri məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi ilə bağlı müvafiq qaydaları izah edib.
Seminarda “Şagird-məzun” informasiya sistemində yaradılmış yeni imkanlar və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları ilə bağlı müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.