REGİONLAR
Şagirdlər narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirmə tədbirlərinə cəlb olunurlar
Zərdab, 5 dekabr, AZƏRTAC
Zərdab rayon Polis Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüşlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, növbəti görüş rayonun Məlikli və Yuxarı Seyidlər kənd tam orta məktəblərində keçirilib. Görüşlərdə çıxış edən rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Emin Kərimov ümumbəşəri bəlaya çevrilən narkomaniyanın fəsadları haqqında şagirdlərə məlumat verərək, bu yola düşənlərin öz həyatlarını məhv etmələri, gələcəklərini “ağ ölüm”ə qurban vermələri barədə söhbət açıb. Qeyd olunub ki, belə həssas məsələdə gənclər daim diqqətli olmalı, cinayət yolundan uzaq durmalı, qarşılaşa biləcəkləri hadisələr barəsində valideynlərini, habelə müəllimlərini məlumatlandırmalıdırlar.
Görüşlərdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, narkotiklərin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub.