ELM VƏ TƏHSİL


Şagirdlər üçün beynəlxalq onlayn yay məktəbi təşkil ediləcək

Bakı, 4 iyul, AZƏRTAC

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Mars Academy”nin dəstəyi ilə şagirdlər üçün beynəlxalq onlayn düşərgə təşkil olunacaq.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşərgəyə dünyanın hər yerindən 8-16 yaş qrupuna aid məktəblilər qoşula bilərlər. İştirakçı sayında məhdudiyyət olduğu üçün ilk müraciət edən şagirdlər yay məktəbinə qoşulmaq imkanı əldə edəcəklər.

İyulun 19-dan avqustun 27-dək baş tutacaq yay məktəbi riyaziyyat, proqramlaşdırma, 3D dizayn və digər əlaqəli sahələrdə interaktiv fəaliyyətlər əsasında formalaşdırılan proqramı əhatə edir. Bu fürsətdən istifadə etmək istəyən şagirdlər qeydiyyatdan keçərək proqrama qoşula bilərlər.

Yay düşərgəsinə qoşulan azərbaycanlı məktəblilər üçün iştirak pulsuzdur. Müraciət edən məktəblilər “Let’s MOD” platformasına daxil olaraq həftədə 3 dəfə olmaqla 6 həftəlik müddəti əhatə edən təməl proqramlaşdırma, süni intellekt, həmçinin riyazi düşüncə əsaslı yanaşmalarla tanış olacaqlar. Proqram çərçivəsində şagirdlər eyni zamanda 3D oyunlar, animasiyalar və simulyasiyalarla tanış olaraq riyaziyyat və kompüter elmləri sahələrində müxtəlif biliklərə yiyələnəcəklər. Proqramın sonunda “Metaverse”, “Blockchain”, “NFT” anlayışları ilə tanış olan şagirdlər tədris edilən proqrama əsasən yekun layihə təqdim edərək məzun olacaqlar.

Proqram ingilis dilindədir. Bu baxımdan şagirdin ingilis dili biliyinin olması arzuolunandır.

Yay məktəbinə qoşulmaq istəyən şagirdlər Təhsil Nazirliyinin saytındakı keçidə daxil olaraq müraciət formasını iyulun 18-dən gec olmayaraq doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, “Let’s MOD“ platforması cari ildən etibarən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platformasının yeni adıdır.

(https://letsmod.com) “Let’s MOD” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.