CƏMİYYƏT
Şagirdlərə narkotiklərin zərərləri barədə məlumat verilib
Bakı, 19 fevral, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Böyük Həmyə kənd tam orta məktəbində “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Daxili İşlər Nazirliyinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin, prokurorluğunun, gənclər və idman idarəsinin, təhsil şöbəsinin nümayəndələri, kənd sakinləri, eləcə də məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Valik Vəlimətov gənclərin sağlam gələcəkləri üçün real təhlükə törədən narkotiklərin səbəb olduğu faciələrdən söhbət açıb. Rəis bildirib ki, artıq ümumbəşəri bəlaya çevrilmiş “ağ ölüm” kimi tanınan narkotik maddələr bir çox ölkələrdə yeniyetmə və gənclərin həyatında sağalmaz izlər buraxır, onları fiziki və psixoloji cəhətdən təsiri altına salır. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycanda narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində bütün qabaqlayıcı tədbirlər həyata keçirilir, qətiyyətli addımlar atılır.
Polis zabitləri və digər dövlət qurumlarının nümayəndələri tədbirin mahiyyətini bir daha qeyd edərək belə görüşlərin gənclərin həyatında böyük rol oynadığını və bu tədbirlər sayəsində onların məktəbli vaxtlarından narkotiklərin zərərləri barəsində daha geniş məlumatlı olmalarının əhəmiyyətini qeyd ediblər.
Sonda şagirdlərin sualları cavablandırılıb.