ELM VƏ TƏHSİL
Şagirdlərə peşə liseyinə qəbul qaydaları haqqında məlumat verilib
Bakı, 22 aprel, AZƏRTAC
Gəncə Peşə Liseyi tərəfindən peşəyönümü işinin təbliği və təşkili uğurla davam etdirilir.
Liseydən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Gəncə şəhər 32 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə baza müəssisələrinə ekskursiya təşkil edib. Məktəblilərə mərkəzin maddi-texniki bazası, tədris edilən ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumat verilib. Ekskursiya zamanı şagirdlər Gəncə Lokomotiv Deposu və Gəncə Aviasiya Zavodunun fəaliyyəti ilə yaxından tanış olublar.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından qaynaqlanırdı. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.