CƏMİYYƏT
“Sağlam məktəbli” layihəsi daha dörd məktəbin görüşünə gedib
Bakı, 5 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüşləri Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəb, Salyan rayon 2 nömrəli tam orta məktəb, Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli məktəb və Xırdalan şəhər M.Adıgözəlov adına 4 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirib.
Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri” və “Qida məhsullarında etiket məlumatlarının vacibliyi” mövzularında videoçarxlar təqdim edilib.
Qida mütəxəssisləri məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, energetik içkilərin insan orqanizminə zərəri, süd və süd məhsullarının faydası barədə ətraflı məlumat verib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirib.
Görüşdə məktəbliləri maraqlandıran suallara cavablar verilib və onlara qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirici materiallar paylanılıb. Agentlik tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və şagirdlərin həmin müsabiqədə iştirakı tövsiyə olunub.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Bu ilin sonunadək layihənin Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi nəzərdə tutulub.