REGİONLAR
Sağlamlıq imkanları məhdud daha bir uşaq distant tədrisə cəlb olunub
Naxçıvan, 19 noyabr, AZƏRTAC
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dövlət proqramının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə bu günlərdə daha bir sağlamlıq imkanları məhdud uşaq - Aysu Əliyeva distant tədrisə cəlb edilib. Aysu Əliyeva, eyni zamanda, zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Aysunun valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audiokitabxananın fəal dinləyiciləri ilə də görüş keçirilib. Tədbirdə 6 nəfər görmə məhdudiyyətli fəal dinləyiciyə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, mərkəzin “258” nömrəli telefon xətti 24 saat ərzində görmə məhdudiyyəti olan şəxslərin xidmətindədir. Dinləyicilər ev telefon nömrələrini qeydiyyatdan keçirdikdən sonra “258” nömrəli xidmət xəttinə zəng etməklə audiokitabları dinləyə bilərlər. Hazırda Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxanaların zənginləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Dünya və Azərbaycan ədəbiyyatının maraqlı nümunələrindən əlavə, Naxçıvan Dövlət Televiziyasının hazırladığı sənədli filmlər də səsləndirilərək müvafiq kataloqlara əlavə olunur.