REGİONLAR
Sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşa: “Qoğalın sərgüzəşti”
Naxçıvan, 30 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün “Qoğalın sərgüzəşti” tamaşası göstərilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı Əli Məmmədovdur.
Tamaşada Dovşan, Tülkü, Şir, Canavar, Kirpi, İvan, Marusya, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlqar Babayev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, İbad Nəbiyev və başqaları canlandırıblar.
Səhnə əsərində hadisələr lovğa və təkəbbürlü Qoğalın başına gələn sərgüzəştlər üzərində qurulub.
“Qoğalın sərgüzəşti” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi, Xeyirin Şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Bundan başqa, lovğalıq, özündənrazılıq kimi hisslər tənqid edilir. Nağıldan fərqli olaraq tamaşa nikbin sonluqla başa çatır. İvan Qoğalı Tülkünün kələyindən xilas edir.