İQTİSADİYYAT
“Şahdəniz”dən bu vaxtadək 25 milyon ton kondensat çıxarılıb
Bakı, 13 fevral, AZƏRTAC
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 25 milyon ton kondensat hasil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 100 milyard kubmetrdən çox təbii qaz əldə olunub. Əməliyyatların başlamasından indiyə qədər “Şahdəniz”dən ümumi kondensat hasilatı 25 milyon tona çatıb.
Qeyd edək ki, ötən il yataqdan 11,5 milyard standart kubmetr təbii qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barrel) kondensat hasil olunub. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 48 milyon standart kubmetr və ya ildə təqribən 16 milyard kubmetrdir. 2018-ci ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 578 milyon dollardan çox əməliyyat və təxminən 1,44 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.
İl ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).