DÜNYA


Sahibkarlar Boris Consonu oktyabrın 31-dək Brexit prosesini həyata keçirməyə çağırıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Yüzlərlə britaniyalı sahibkar iqtisadi qeyri-müəyyənliyə son qoymaq üçün Birləşmiş Krallığın Baş Naziri Boris Consonu oktyabrın 31-nə qədər Brexit prosesini həyata keçirməyə çağırıb.

AZƏRTAC bu barədə Britaniya Sahibkarları Alyansının məktubundan çıxarışları dərc edən “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir. İşgüzar dairələrin nümayəndələri Boris Consondan Brexit prosesini nəzərdə tutulan vaxtda reallaşdırmağı tələb edib.

“Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi vaxtının uzadılması bizim siyasi sistemə etibarı tamamilə azaldacaq. Mühafizəkar brend birdəfəlik ləkələnəcək və güc toplayan Brexit Partiyası ölkədəki hər bir yer uğrunda mübarizə aparacaq. Nəticədə daha uzun gecikməyə (Brexit) və daha çox dağıdıcı qeyri-müəyyənliyə məhkum parlament olacaq. Böyük Britaniya iki ildən çoxdur ki, dəfələrlə güzəştlərə gedib. Əgər Avropa İttifaqı Baş nazirin sonuncu təklifini də rədd etsə, danışıqlar həmin dəqiqə dayandırılmalı və ölkə Avropa İttifaqını tərk etməlidir”, - deyə 290 biznesmenin imzaladığı məktubda bildirilir.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən referendumda Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi.

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Baş nazir Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salınıb, vəziyyəti dalandan çıxara bilməyən Tereza Mey istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.