İQTİSADİYYAT
Sahibkarlar üçün “Sahibkar vaxtı” başlayır
Bakı, 7 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Beynəlxalq Bankı və "ASAN radio"nun tərəfdaşlığı ilə sahibkarlar üçün yeni maarifləndirici layihəyə başlanılıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hər həftə "ASAN radio"da canlı olaraq "Sahibkar vaxtı" proqramı efirə gedəcək. "Sahibkar vaxtı" verilişini hər həftənin çərşənbə axşamı saat 19:05-də "ASAN radio"nun efirində dinləmək, eləcə də tərəfdaş qurumların “Facebook”dakı korporativ səhifələrində canlı izləmək olar. Verilişdə sahibkarlıq fəaliyyətinə aid konkret sahələr üzrə peşəkar mütəxəssislər qonaq qismində iştirak edəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır.