İQTİSADİYYAT
Sahibkarlar və fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar
Bakı, 6 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə noyabrın 6-da aqrar sektorda fəaliyyət göstərən KOB-lar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər üçün onlayn maarifləndirmə tədbiri təşkil edilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin onlayn maarifləndirmə tədbirindən daha çox faydalanması və aqrar sahədəki son yeniliklər barədə ətraflı məlumatlandırılmaları üçün agentliyin mərkəzi ofisində, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) zəruri təşkilati və texniki imkanlar yaradılıb.
Onlayn tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri sahibkarları və fermerləri aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi, eləcə də 2020-ci il yanvarın 1-dən etibarən tətbiq olunacaq yeni subsidiya qaydaları barədə məlumatlandırıblar.
Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin çoxsaylı sualları cavablandırılıb.
Ümumilikdə, onlayn maarifləndirmə tədbirindən 1300-dən çox sahibkar və fermer yararlanıb.
Tədbir KOBİA-nın və Kənd Təsərrüfatı Nazirliyinin “Facebook” səhifələrindən birbaşa yayımlanıb.