REGİONLAR


Şahin Bayramov: Azərbaycan xalqı Milli Qurtuluşdan güc almaqla Böyük Qayıdış proqramını da uğurla reallaşdıracaq

Bakı, 15 iyun, AZƏRTAC

1993-cü ilin 15 iyun tarixində canından çox sevdiyi xalqının təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev, sözün həqiqi mənasında, Milli Qurtuluşun əsasını qoymuş oldu. Azərbaycan xalqının dar günündə xilaskarlıq missiyasını çox böyük qətiyyətlə öz üzərinə götürən Ümummilli Lider dövlətçiliyimizi xilas etdi, milli birliyimizi və həmrəyliyimizi gücləndirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O bildirib ki, dahi şəxsiyyətin uzaqgörənliyi və titanik fəaliyyəti sayəsində müstəqilliyimiz əbədi oldu, Azərbaycan dünya birliyinin bərabərhüquqlu subyektinə çevrildi. Bütün fərdi və professional keyfiyyətlərinə görə qlobal siyasət nəhəngi olan Ulu Öndər Azərbaycanı dünyaya tanıtdı, milli maraqlarımızı önə çəkdi.

“Qürurverici haldır ki, Ümummilli Liderin əsasını qoyduğu hərtərəfli inkişaf siyasəti onun layiqli davamçısı Prezidentimiz tərəfindən böyük məharətlə davam etdirilir. Əminliklə söyləmək olar ki, məhz Heydər Əliyev siyasi kursuna sadiqlik və yeni dövrün reallıqlarının dəqiqliklə nəzərə alınması 30 illik fasilədən sonra 2020-ci ildə ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadı. Hər kəs razılaşar ki, Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgəri sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər bu il Milli Qurtuluş Gününü tam fərqli hisslərlə keçirməyimizə vəsilə olub. Əslində, fəxarət dolu bu hisslər Milli Qurtuluşun əzəmətini və nəhəngliyini daha aydın şəkildə görə bilməyimizin nəticəsidir”, - deyə o vurğulayıb.

Şahin Bayramov qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu Milli Qurtuluş konsepsiyasının əsl mahiyyətini Heydər Əliyevin 1998-ci ildə söylədiyi aşağıdakı tarixi nitq aydın şəkildə izah edir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

2021-ci ildə Azərbaycan Respublikasının Prezedinti tərəfindən Şuşada Novruz tonqalının alovlandırılması, “Xarıbülbül” musiqi festivalının açılışının edilməsi, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanılması, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlinin qoyulması həm Ümummilli Liderin dühasını və uzaqgörənliyini, həm də möhtərəm Prezidentimizin siyasi qətiyyətini və sərkərdəlik qüdrətini nümayiş etdirir.

“Əminliklə söyləmək olar ki, Milli Qurtuluşdan güc almaqla möhtərəm Prezidentimizin liderliyi ilə tarixi Zəfərə imza atan Azərbaycan xalqı Böyük Qayıdış proqramını da uğurla reallaşdıracaq”, - deyə MDU-nun rektoru bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.