İDMAN
Şahmatçılarımız “Champions Chess Tour”un altıncı mərhələsində mübarizə aparacaqlar

Bakı, 18 may, AZƏRTAC
Mayın 23-də şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Şahmatçılarımızla yanaşı, turnirdə Maqnus Karlsen, amerikalı qrossmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Pyotr Svidler, Daniil Dubov, Aleksandr Qrişuk, çinli Liren Dinq, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi iranlı Alireza Firuzca, argentinalı Alan Piçot, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.
Qeyd edək ki, Ş.Məmmədyarov turnirin sonuncu mərhələsində L.Aronyanı məğlub edərək üçüncü yeri tutub. Turnirin qalibi isə M.Karlsen olub.
Xatırladaq ki, altıncı dəfə keçirilən yarışda T.Rəcəbov da yüksək nəticələrlə yadda qalıb. Belə ki, təmsilçimiz seriyanın ikinci - “Airthings Masters” turnirinin qalibi olub. O, üçüncü mərhələdə - “Opera Euro Rapid” turnirində üçüncü yeri tutub.