REGİONLAR
Salyan ərazisindəki kurqanların araşdırılmasına ehtiyac var VİDEO
Salyan, 5 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkəmiz mədəni-tarixi abidələrlə zəngindir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir. Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ açılmamış sirlərlə doludur. Salyan rayonu ərazisindəki “Yeddi qardaş” kurqanı kimi.
AZƏRTAC xəbər verir ki, “Yeddi qardaş” kurqanı rayonun Yeni Uluxanlı kəndi ərazisində yerləşir. Ehtimal olunur ki, kənd ərazisində yerləşən bu kurqan Azərbaycanda Son Tunc-Erkən Dəmir dövrünə aiddir. Çox güman ki, hansısa qəbilənin yaşayış yerinin olması ilə bağlıdır.
Tarixçi-tədqiqatçı Sahib Həsənov deyir ki, karvan yolunun tarixən bu ərazilərdən keçməsi Yeni Uluxanlı kəndinin qədimliyindən xəbər verir: “Yeni Uluxanlı kəndində 7 kurqan qəbir mövcuddur. Bu isə o dövrdə 7 qəbilənin burada qonşu yaşamasından xəbər verir. Qəbilə başçısının şərəfinə yarımkürə formasında olan qəbir ucaldılıb. Kurqan qəbirlər sırf türk xalqlarına mənsub olan qəbirlər formasındadır. Bu qəbirlərə adətən tayfa başçısı, qızıldan düzəldilmiş, ucu tuncdan olan əşyalar və ətrafına onun qılıncı, digər silahı qoyulur. Həmçinin tayfa başçısının qulları və kənizləri də öldürülərək yanında dəfn edilir”.
Yeni Uluxanlı kəndində yaşayan sakin Kamil Məmmədov: “Kurqanları azca qazdıqda insan sümüklərini görürsən. Bu saxsı qabları sahələrdə işləyərkən aşkar etmişik. Həyətimə yol çəkəndə də qədim qabların tapıldığının şahidi olmuşam. Traktorlar sahəni şumlayarkən tapdığımız maddi-mədəni əşyalar bizi çox təəccübləndirdi. Böyüklərimizdən də soruşmuşuq, onlar da bu barədə məlumatsızdırlar”.
Kurqanlarda sovet dönəmindən bu günədək heç bir qazıntı aparılmayıb. Sakinlərin dediyinə görə, illərdir bu kurqanlarda məişət əşyaları ilə yanaşı, insan sümüklərinə də rast gəlinir. Kurqanlardan üçü kəndin mərkəzində, dördü isə bir qədər uzaqda, əkin sahələrində yerləşir.
Tarixçi-tədqiqatçı Sahib Həsənov bildirir ki, burada ailmlərimizin araşdırma aparmasına çox ehtiyac var: “Kurqan qəbirlər Azərbaycanın digər ərazilərində arxeoloqlarımız tərəfindən araşdırılıb. Amma Salyanda Yeni Uluxanlı kəndində 7 kurqan abidəsini alimlərimiz və arxeoloqlarımız araşdırmayıb. Bunun öyrənilməsi tariximiz üçün çox əhəmiyyətli hadisə olar. Araşdırmalardan sonra Salyan sakinləri də bu ərazilərin tarixini bilmiş olacaqlar”.
Maraqlıdır ki, kənddəki kurqanın ikisindən yalnız insan sümükləri çıxıb, digərlərində isə sümüklərlə bərabər, saxsı qablar da aşkar olunub. Saxsı qablar tapılan ərazi sanki bir zolaq boyunca dairəvi forma alır. Qablar əsasən ərazinin ən hündür, su çıxmayan yerlərində tapılır. Burada həm də müxtəlif vaxtlarda kərpiclər, qara çıraqlar aşkarlanıb.