CƏMİYYƏT
Salyan rayonunda istixanada çətənə toxumu əkən şəxslər saxlanılıb VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonu Qarabağlı kənd sakinləri Elman Dadaşov, Qalib Rəhimov və paytaxt sakini Rafiq Cavadov saxlanılıb.
E.Dadaşovun həyətindəki istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi olaraq əkilən və qulluq edilən 508 ədəd narkotik tərkibli çətənə bitkisi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq, E.Dadaşovun qonşuluğundakı Q.Rəhimova məxsus istixanaya da baxış keçirilib. Oradan da eyni qayda ilə pomidor şitillərinin arasında əkilən 404 ədəd çətənə kolu götürülüb.
Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri Maştağa qəsəbəsi sakini R.Cavadovun köməyi ilə ötən ilin dekabrında satmaq niyyəti ilə əkdiklərini və onlara qulluq edərək yetişdirdiklərini bildiriblər. Araşdırma zamanı dəstə üzvlərinin narkotik tərkibli bitkilərin tez yetişməsi üçün istixanada olan havanın temperaturunu yüksək dərəcədə saxladıqları da məlum olub.
Qeyd edək ki, saxlanılan şəxslərin yaşadıqları evə baxış zamanı E.Dadaşovdan əlavə olaraq 450, Q.Rəhimovdan isə 470 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri onlara məxsus istixanalarda ümumilikdə 1500 ədəd çətənə toxumu əksələr də, onlardan 912-si yetişib.
Faktla bağlı Baş İdarənin əməkdaşları tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.