REGİONLAR


Salyanda 2 min hektar pambıq sahəsinin məhsulu kombaynlarla yığılacaq

Salyan, 2 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Bir neçə gündür ki, Salyanda kütləvi pambıq yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 2396 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilib. Gün ərzində sahələrdən 60-70 ton pambıq yığılır.

Rayon Statistika İdarəsinin müdiri Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari təsərrüfat ilində Salyanda 7055 hektar pambıq əkilib. Bunun da 610 hektarı Şorsulu kəndinin ərazisinə düşür. Kənddə fəaliyyət göstərən fermerlər becərdikləri sahələrin məhsulunu son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. İndiyədək 60 tondan çox məhsul yığılıb ki, bunun da hamısı birinci növ kimi qəbul olunub.

Kənddə fəaliyyət göstərən fermer Balaş Əhmədov 40 ilə yaxındır ki, təsərrüfatla məşğul olur. Məhsul istehsalçısı ötən il 6 hektar pambıq sahəsinin hər hektarından 30 sentnerdən çox məhsul götürüb. Yaxşı qazanc əldə edən torpaq sahibi bu il əkin sahəsini genişləndirib. “Bu mövsüm 10 hektarda pambıq əkmişəm, bol məhsul yetişib. Pambığı maşınla toplayacağam. Ən az 30-35 sentner məhsul götürəcəyimə əminəm. Dövlət tərəfindən pambığın alış qiymətinin hər növ üçün 50 manat artırılması da biz məhsul istehsalçılarının ürəyincədir”, – deyə fermer bildirib.

Bu il rayonda pambığın 2 min hektarının məhsulu kombaynlarla yığılacaq.

Qeyd edək ki, bu il Salyanda 14 min tondan çox “ağ qızıl” istehsalı nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.