REGİONLAR


Salyanda Füzuli və Cəbrayıl rayonlarının işğal günü anılıb

Salyan, 24 avqust, Mahir Babayev, AZƏRTAC

Salyanda fəaliyyət göstərən "Ana Kür" İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş salyanlı gənclərin xatirəsinə həsr olunan tədbirlərin təşkili" layihəsi çərçivəsində Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayondakı Heydər Əliyev Mərkəzinin əməkdaşları, mədəniyyət və təhsil işçiləri, ictimai birliklərin nümayəndələri, uşaq tərbiyə müəssisələrinin kollektivləri iştirak edib.

İctimai Birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov tədbirdə qeyd edib ki, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən işğal olunan Füzuli və Cəbrayıl rayonlarının müdafiəsində salyanlı gənclər də igidlik göstərərək şəhid olublar. Tədbirin məqsədi işğal altındakı ərazilərimiz və şəhid olmuş həmyerlilərimiz barədə yeniyetmə və gənclərə geniş məlumat vermək, şəhidlərimizin xatirəsini anmaq, hərbi vətənpərvərlik hissini gücləndirməkdir.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir iştirakçıları "Murad" əlillər cəmiyyəti ictimai birliyinin üzvlərinin əl işlərinə baxıb, onların ifasında ədəbii-bədii kompozisiyaya tamaşa ediblər. 18 nömrəli uşaq bağçasının hərbi geyimli fidanları da “Vətən sənə oğul deyib” adlı kompozisiya nümayiş etdirib, Vətənə, torpağa, Azərbaycan bayrağına həsr edilən şeirlər söyləyiblər.

Digər çıxışlarda da işğal altındakı ərazilərimizin tezliklə azad ediləcəyinə əminlik ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.