REGİONLAR
Salyanda əhalinin kütləvi tibbi müayinəsi yekunlaşmaq üzrədir
Salyan, 8 may, Mahir Babayev, AZƏRTAC
Salyanda əhalinin pulsuz kütləvi tibbi müayinəsi başa çatmaq üzrədir. Fevralın 12-dən bugünədək 70 min 795 nəfər rayon sakini tibbi müayinədən keçirilib ki, bu da rayon əhalisinin 94,6 faizini təşkil edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, humanitar aksiya rayon üzrə 74 min 827 nəfəri əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində 3 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kampaniyaya cəlb ediliblər. Artıq 51 yaşayış məntəqəsindən 50-də müayinələr başa çatdırılıb. Hazırda sonuncu kəndin əhalisi tibbi yoxlamadan keçirilir. Yaxın 2-3 günə bu yaşayış məntəqəsində də müayinələr yekunlaşacaq.
Müayinələr zamanı xəstəlik aşkarlanan 4574 nəfər ambulator, 142 nəfər stasionar müalicəyə cəlb olunub. 22 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 101 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.