REGİONLAR
Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində 900 il yaşı olan tütək saxlanılır
Salyan, 8 mart, Mahir Babayev, AZƏRTAC
Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində gildən hazırlanmış qədim tütək saxlanılır. Muzeydə mühafizə olunan bu musiqi aləti tədqiqatçıların dediyinə görə, ən azı 900 il bundan əvvəl hazırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu maddi-mədəniyyət nümunəsi ötən əsrin 80-cı illərində rayon ərazisindəki Marışlı, Noxudlu və Qırxçıraq qədim yaşayış məskənlərində arxeoloji qazıntılar zamanı tapılıb.
Qədim musiqi aləti muzeydə toplanan 10 mindən çox eksponatın demək olar ki, ən kiçiyidir. Onun uzunluğu 6 santimetrə yaxındır.
İlk baxışdan müasir tütəklərdən fərqlənsə də, ifa zamanı bu alət onlardan heç də geri qalmır. Nəfəsli alətlərin ifaçısı Mirağa Abdullayev bildirib ki, qədim gil-tütəyin müasir zurna, balaban və tütəkdən fərqi onun ikinci notunun olmasıdır. Bu isə ifa zamanı bəzi çətinliklər yaradır.
Qədim tütək əcdadlarımızın musiqi biliyini müəyyən etmək baxımından da mühüm əhəmiyyət daşıyır.