REGİONLAR
Salyanın Şorsulu kəndində torpaqların konsolidasiyası mövzusunda seminar keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
Torpaqların konsolidasiyası üzrə milli strategiyanın və pilot layihənin hazırlanmasına dəstək layihəsinin icrasına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Salyan rayonunun Şorsulu kəndində torpaqların konsolidasiyası mövzusunda seminar keçirilib.
Seminarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) üzrə layihənin beynəlxalq və milli məsləhətçilər qrupunun məsul nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şorsulu bələdiyyəsinin üzvləri və kənd sakinləri iştirak ediblər.
Müzakirələrdə “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsinin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədəki təcrübəsi barədə təqdimatlar olunub. Çıxışlarda xüsusi mülkiyyətdə olan torpaqların konsolidasiyasının kənd təsərrüfatı sahəsində islahatların əsas alətlərindən biri olduğu qeyd edilib, layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlər haqqında məlumat verilib.
Seminarın sonunda layihə ekspertləri torpaq mülkiyyətçilərini maraqlandıran sualları cavablandırıb, onların rəy və təkliflərini dinləyiblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 4.1.3-cü bəndinə uyğun olaraq “Torpaqların konsolidasiyası istiqamətində tədbirlərin görülməsi”nin icrası istiqamətində Salyan rayonu Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi üzrə pilot ərazi kimi seçilib.