REGİONLAR
Salyanlı məktəblilər Bakıdakı Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər
Salyan, 24 may, Mahir Babayev, AZƏRTAC
Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə icra etdiyi “Hərb işimiz şərəf tariximizdir” devizi ilə gənclər arasında hərbi-vətənpərvərlik ideyalarının təbliği layihəsi çərçivəsində rayon məktəblilərinin bir qrupunun Bakı şəhərindəki Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyasını təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilər ekskursiyaya Salyan şəhərindəki Milli Qəhrəman Nazim Babayevin büstünün və şəhidlərin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlayıblar.
Ekskursiyada rayonun 7 və 8 nömrəli tam orta məktəblərinin şagirdləri ilə yanaşı, Qarabağ müharibəsi qazisi, qeyri-hökumət təşkilatları, KİV təmsilçiləri, şair və yazıçılar iştirak ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyinin bələdçisi Nərminə Cəlilova, tədqiqatçı-elmi işçi Nuranə Nəcəfova ekskursiya iştirakçılarına muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Mediya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycan xanlıqlarının yaranması və onların ordu strukturları, qoşun növləri barədə ətraflı məlumat veriblər.
100 illiyi ötən il qeyd edilmiş Milli Ordumuz, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, dövlət atributları-gerb, bayraq və himnimizlə bağlı eksponatlar şagirdlərdə böyük maraq doğurub.
Məktəblilərə, həmçinin 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı misilsiz fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev tərəfindən ordumuzun döyüş qabiliyyətin artırılması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib.
Ekskursiya iştirakçılarından Qarabağ qazisi Zamiq Əskərov, Əməkdar müəllim Allahverdi Piriyev, şair Oqtay Rza, layihə rəhbəri Rüstəm Məlikov hərb tariximizin təbliğinin gənclərimizin vətənpərvərlik tərbiyəsindəki rolunu yüksək qiymətləndirərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.