ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanası Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Açıq qapı” günü elan edir
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası oktyabrın 4-dən 10-dək Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Açıq qapı” günü elan edir.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Qeyd olunub ki, Ümumdünya Kosmos Həftəsi kosmik fəzanın araşdırılmasına həsr olunan beynəlxalq səviyyəli tədbirlərdən ən böyüyüdür. Hər il 90-dan çox ölkədə Ümumdünya Kosmos Həftəsi layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilir.
Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır.
1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin (“Sputnik-1”) orbitə çıxarılması, habelə dövlətlərin kosmik fəzanın, o cümlədən Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 1967-ci il 10 oktyabr tarixli müqavilənin qüvvəyə minməsi ilə əlaqədar BMT Baş Məclisi 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması haqqında qərar qəbul edib.
Ümumdünya Kosmos Həftəsi Assosiasiyasının İdarə Heyəti tərəfindən hər il bir mövzu seçilir.
İlk bu cür həftə 2000-ci ildə keçirilib. Mövzu isə “Kosmik minilliyin başlanğıcı” seçilib. 2017-ci ildə dünyanın 80 ölkəsində Ümumdünya Kosmos Həftəsi çərçivəsində 3 min 700-dən çox tədbir keçirilib. Həmin il üçün “Kosmosda yeni aləmlərin araşdırılması” mövzusu seçilib. Əsas istiqamət olaraq kosmosun tədqiqi və yaxınlıqdakı Günəş tipli planet sistemlərində Yerə bənzər planetlərin kəşfi seçilib.
2018-ci il üçün isə “Kosmos dünyanı birləşdirir” mövzusu seçilib. Bu mövzu cari ildə Vyanada keçiriləcək UNISPACE+50 toplantısı ilə bağlıdır. Ümumdünya Kosmos Həftəsi Assosiasiyası 50-dən çox ölkənin milli əlaqələndiriciləri tərəfindən dəstəklənən qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın məqsədi insanları kosmosun tədqiqindən gələn faydalar haqqında məlumatlandırmaq, iqtisadiyyatın inkişafını stimullaşdırmaq üçün kosmosun istifadəsini təbliğ etmək, elm və təhsilə maraq yaradılması, həmçinin kosmosun təbliği vasitəsilə millətlərin birgə əməkdaşlığı üçün zəmin yaratmaqdır.
Qeyd edək ki, Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və hər il bir həftə ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir. Bu tədbirlərə Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günləri, film təqdimatları, tanınmış astronomlarla görüşlər və s. daxildir.