ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
Bakı, 24 iyun, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Seminarda rəsədxananın Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin kiçik elmi işçisi Elista Bayramova “Çox aşağı tezlikli radio siqnaldan istifadə edərək geomaqnit qasırğaların orta en dairəsi üçün ionosferin D təbəqəsinə təsirinin araşdırılması" mövzusunda elmi məruzə ilə çıxış edib.
Elmi işdə 2008-2011-ci illərdə baş vermiş 5 geomaqnit qasırğasının VLF (Very Low Frequency - Çox Aşağı Tezlikli) dalğalarının DLPT depth (D-Layer Preparation Time Depth – D təbəqəsinin yaranma vaxtının dərinliyi) parametrinə təsiri araşdırılıb. Parametri təyin etmək üçün Anthorn (54.91⁰ şm.e., 3.27⁰ q.u.) şəhərində yerləşən, 19.6 kHs stabil tezlikdə işləyən GBZ ötürücüsündən göndərilən və Şamaxı Astrofizika Rəsədxanasında (40.78⁰ şm.e., 48.59⁰ ş.u) quraşdırılmış AWESOME qəbuldedicisi vasitəsilə qəbul edilən siqnalın amplitudundan istifadə edilib.
Sonra mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.