ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı
Bakı, 17 mart, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Çili rəsədxanalarının elmi fəaliyyət istiqamətləri və onlarla əməkdaşlıq aspektləri” mövzusunda onlayn astroseminar keçirilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, seminarda rəsədxananın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynurə Həsənovanın mövzu üzrə məruzəsi dinlənilib.
A.Həsənova Çili rəsədxanaları haqqında ümumi məlumat verib, həmin rəsədxanaların müşahidə imkanlarından, həyata keçirilən böyük layihələrdən danışıb. O, Çili rəsədxanaları ilə əməkdaşlıq aspektlərini, o cümlədən onların data bazaları işləmək imkanlarını şərh edib.
Professor Nəriman İsmayılov 2021-ci ildə kosmosa çıxarılmış dünyanın ən böyük kosmik teleskopu olan Ceyms Vebb teleskopu haqqında məruzə edib. O bildirib ki, teleskop 18 ədəd 6 bucaqlı seqment şəklində hazırlanmış yığılan və kosmosda açılan güzgü dəstindən ibarətdir. Açılmış vəziyyətdə teleskopun güzgüsü 6.5 metrlik güzgü qədər sahəni tutur. Bu teleskop məşhur Habbl teleskopu ilə müqayisədə 6.25 dəfə çox işıq seli toplama gücünə malikdir. Teleskopda böyük partlayışdan dərhal sonra yaranmış ulduz və qalaktikalar, ekzoplanetlər, qravitasiya linzaları və kvazarlar müşahidə olunacaq.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.