REGİONLAR
Şamaxıda 2 min hektaradək sahədə yazlıq bitkilər əkiləcək
Şamaxı, 2 aprel, AZƏRTAC
Şamaxı rayonunda yazlıq bitkilərin əkini davam edir və qısa vaxtda 670 hektar sahədə əkin aparılıb.
Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, mart ayının, xüsusilə ikinci yarısından başlayaraq havaların əlverişsiz keçməsi fermerlərin işində xeyli çətinlik yaradıb. Buna baxmayaraq, indiyədək 530 hektar sahədə arpa, 10 hektarda vələmir, 100 hektarda kartof, 20 hektarda noxud, 10 hektarda isə yonca əkilib.
Rayonun əksər ərazilərində, xüsusilə Qızmeydan, Göylər, Quşçu, Məlikçobanlı və bir sıra digər kənd icra nümayəndəliklərində yazlıq əkinlər daha mütəşəkkil aparılır. Fermerlər və fiziki şəxslər bu günlərdə əlverişli keçən hava şəraitindən maksimum yararlanmağa çalışır, yazlıq əkinləri aqrotexniki tələblər səviyyəsində başa çatdırmaq üçün ciddi səy göstərirlər.
Qeyd edək ki, cari mövsümdə Şamaxıda 2000 hektaradək sahədə yazlıq bitkilərin əkini gözlənilir.