REGİONLAR
Şamaxıda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
Şamaxı, 17 iyun, AZƏRTAC
İyunun 17-də Şamaxıda Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təntənəli yığıncaq keçirilib. Şamaxı Diaqnostika Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Mərkəzi rayon Xəstəxanası Publik hüquqi şəxsin rəhbərliyi və tibb kollektivi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri açan Mərkəzi rayon Xəstəxanası Publik hüquqi şəxsin direktoru Emin Hüseyn rayonda səhiyyə xidmətinin mövcud vəziyyəti, xəstəxana və tibb məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mütəxəssis kadrlarla təminatı istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, 107 min əhalisi olan rayonda mərkəzi xəstəxana, Diaqnostika mərkəzi, Göylər kənd Ailə Sağlamlıq Mərkəzi, o cümlədən 20 kənd tibb məntəqəsi və 14 kənd həkim məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə, 87 həkim, 206 orta tibb işçisi əhalinin xidmətindədir.
Sonra çıxış edən icra hakimiyyətinin başçısı Tahir Məmmədov tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək, Azərbaycanda səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, kadr hazırlığı sahəsində görülən işlərdən və qazanılan uğurlardan danışıb. Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən icra başçısı dünyanı cənginə alan koronavirusla mübarizədə əldə olunan uğurların məhz bu diqqət və qayğının nəticəsi olduğunu söyləyib.
Tahir Məmmədov Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğının, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasında gördüyü işlərin böyük razılıq və rəğbət doğurduğunu söyləyib.