REGİONLAR
Şamaxıda baş verən yanğın söndürülüb
Şamaxı, 17 avqust, AZƏRTAC
Ötən gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində, Qaranohur deyilən ərazidə baş verən yanğın bu gün gecə saat 2 radələrində söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğınla mübarizədə Fövqəladə Hallar Nazirliyinin Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 30 nəfər şəxsi heyəti və 4 yanğınsöndürən maşını, köməyə gələn Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 18 nəfər canlı qüvvəsi və 2 maşını çalışıb. Yanğının söndürülməsində, habelə 15 nəfərədək qəsəbə sakini də iştirak edib.
Ərazinin dağlıq və kol-kos olması yanğınsöndürənlərin işini çətinləşdirsə də, onların gərgin səyi ilə yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Təqribən 30 hektaradək ərazi yanıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır, əhatə dairəsi dəqiqləşdirilir.