REGİONLAR
Şamaxıda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
Şamaxı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Şamaxı Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb. Sərginin açılışında rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar rəssam Adil Şıxəliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə gənc rəssamın 40-a yaxın realizm üslubunda rəsmləri nümayiş olunub.
Tədbirdə çıxış edən icra başçısı Tahir Məmmədov rəssamı ilk fərdi sərgisi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Natiq gənc rəssamın istedadından və yaradıcılığından söz açaraq, sənətə sevgisindən, yaratdığı hər bir əsərin mükəmməlliyindən bəhs edib.
Nümayiş olunan rəsmlərin orijinallığı ilə seçildiyini söyləyən Ziyadxan Əliyev və Adil Şıxəliyev sərginin əhəmiyyətindən geniş söhbət açaraq gənc rəssama yeni yaradıcılıq uğurları arzulayıblar.
Sərgi çərçivəsində Şahin Nəcəfova rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.