REGİONLAR
Şamaxıda koronavirus pandemiyası əleyhinə tədbirlər gücləndirilir
Şamaxı, 7 iyul, AZƏRTAC
Şamaxı rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Şamaxı şəhərində növbəti dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri dezinfeksiyaedici məhlulla yuyulub, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları təkrar dezinfeksiya olunub.
Rayonda koronavirus pandemiyasına qarşı səmərəli və ardıcıl mübarizə məqsədilə hər birində 4 nəfər olmaqla 61 mobil qrup fəaliyyət göstərir. Mobil qrupların üzvləri tərəfindən ticarət və ictimai-iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparılır, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin vacibliyi, həmçinin gigiyenik qaydalara düzgün riayət olunmasının zəruri olduğu barədə məlumatlar verilir.
Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərlərindən, bələdiyyə işçilərindən və ərazi icra nümayəndələrindən ibarət nəzarət qrupları da yaradılıb. Nəzarət qrupları koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər həyata keçirir.
Əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ardıcıl davam etdirilir.