REGİONLAR
Şamaxılı gənclər torpaqlarımızın işğaldan azad olunmasına hər an hazırdırlar
Şamaxı, 17 oktyabr, AZƏRTAC
Şamaxıda rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şamaxı rayon şöbəsinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü açan rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü münasibətilə gəncləri təbrik edib, Vətənimizin müdafiəsində, ölkəmizin təhlükəsizliyində Azərbaycan əsgərinin müstəsna xidmətlərindən danışıb.
G.Ələkbərova ümummilli lider Heydər Əliyev tərəfindən təşkil olunan ordu quruculuğunun Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qısa zaman kəsiyində Azərbaycan Ordusunun regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevrildiyini bildirib. Vurğulanıb ki, aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü, xalqımızın həmrəyliyini, ölkə rəhbərliyinin qətiyyətini nümayiş etdirdi. Azərbaycan əsgəri məhz aprel döyüşləri zamanı qazandığı uğur və qələbələrlə xalqımıza zəfər sevinci yaşatdı. Həmin döyüşlərdə şamaxılı vətənpərvər igidlər də qəhrəmanlıq göstərib. Onlardan üç nəfəri şəhidlik zirvəsinə ucalıb.
Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov, rayon ağsaqqallar şurasının sədri Mayıl Alıcanov, təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək, dövlətimizin ordudan tərxis olunan şəxslərə diqqət və qayğısından söhbət açıblar. Bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Görüşdə çıxış edən gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, ölkəmizin ərazi bütövlüyü uğrunda müharibəyə hər an hazır olduqlarını söyləyiblər.