CƏMİYYƏT
Samid Xudatlı: Şükür ki, Vətən yolunda axıtdığımız qan yerdə qalmadı
Bakı, 11 iyun, AZƏRTAC
Ötən il sentyabrın 29-da Füzuli rayonunun Alıxanlı kəndində ağır döyüşlər gedirdi. Həmin gün axşama yaxın yaxınlığa düşən minomyot partlayışı nəticəsində yaralanaraq sağ ayağımı itirdim. Uzun müddət idi ki, müalicə kursu keçirdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müasir son nəsil protezlə təmin olunan 24 yaşlı Samid Xudadlı deyib.
O, Azərbaycan Milli Ordusu sıralarında hərbi xidmətini başa vurandan sonra 4 il müddətdən artıq qulluq edib. Xüsusi taborda xidmət edən Vətən müharibəsi qazısı doqquz aylıq müalicə prosedurlarından sonra təmin edildiyi protezin rahatlığından razı qaldığını bildirib, eyni zamanda onun ayaq üstə qalxması üçün çalışan həkim və tibb işçilərinə də öz təşəkkürünü ünvanlayıb.
Samid canını fəda etməyə hazır olduğu Vətən yolunda əldə edilən Böyük Qələbənin sevincini də elə müalicə proseduru alarkən eşidib: “Gecə olmasına baxmayaraq bu xəbəri eşidib çox sevindim. Prezident, Ali Baş Komandan İlham Əliyevin dilindən bu xəbəri eşitmək çox xoş idi. Ən çox ona sevindim ki, çəkdiyimiz zəhmət, axıtdığımız qan, verdiyimiz qurbanlar yerdə qalmadı. Xalqımız bu haqq savaşından qalib çıxaraq öz əzəli və əbədi torpağına qovuşdu”.