REGİONLAR
“Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb
Naxçıvan, 19 iyul, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın “Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb.
AMEA-nın Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyevin elmi məsləhəti ilə işıq üzü görən monoqrafiyada çoxsaylı arxiv sənədləri və tədqiqatçıların fikirləri əsasında Naxçıvanın keçmiş tarixini, mədəniyyətini, adət-ənənələrini əsərlərində tərənnüm edən Şamil Qazıyevin həyat və yaradıcılıq yolu tədqiq edilib.
Müəllif “Köhnə Naxçıvan” silsiləsinin etnoqrafik zənginliyini XX əsr Azərbaycan mədəniyyətinin, Naxçıvan diyarının xalq məişəti ənənələrinin tədqiqi baxımından dəyərləndirib.
Qeyd edək ki, yeni nəşr yubileyi dövlət səviyyəsində qeyd olunan, ömrünün 50 ilini təsviri sənətə və teatr sahəsinə həsr edən görkəmli rəssam, Əməkdar İncəsənət Xadimi Şamil Qazıyevin zəngin bədii irsinin təbliği baxımından əhəmiyyətlidir.