İQTİSADİYYAT
Samur-Yalama sərhəd-keçid məntəqəsindən yüklərin daşınması ilə bağlı Azərbaycanın təklifi müzakirə olunub
Bakı, 8 dekabr, AZƏRTAC
Samur-Yalama sərhəd-keçid məntəqəsindən yüklərin aşağı tariflərlə daşınması ilə bağlı Azərbaycanın təklifi müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr dekabrın 8-də Rusiya Federasiyasının paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorovun görüşü zamanı aparılıb.
Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər, İran İslam Respublikası ərazisində Astara-Rəşt xəttinin tikintisi layihəsi, bu dəhlizə gələcəkdə əlavə yüklərin cəlb edilməsi, Samur-Yalama sərhəd-keçid məntəqəsindən yüklərin aşağı tariflərlə daşınması barədə Azərbaycan tərəfinin təklifi, Azərbaycan və Rusiya Dəmir Yolları arasında beynəlxalq yük və sərnişin daşımaları üzrə qarşılıqlı hesablaşmaların hazırkı vəziyyəti və tənzimlənməsi müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 7-də imzaladığı “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncamından sonra işlər daha da sürətləndirilib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətə başlaması ölkələrimiz arasında hərtərəfli əlaqələrin genişləndirilməsinə səbəb olacaq. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolunun çəkilişi artıq başa çatıb, Astara çayı üzərindəki körpüyə kimi sınaq reysi edilib. Körpüdə də son tamamlama işləri görülür.
“Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildirib.