REGİONLAR
Samuxda açılan iftar süfrəsində Ramazan ayının fəzilətlərindən danışılıb
Samux, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC
Samux rayonunda müqəddəs Ramazan ayında iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iftar mərasimində əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib, günün duası oxunub.
Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Vurğulanıb ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da geniş qeyd edilir.
Respublikamızda bu gün hökm sürən birlik və sabitliyə, ölkə ərazisindəki dini məbədlərin təmir və bərpasına, eləcə də islami və milli mənəvi dəyərlərin qorunmasına diqqət çəkən icra hakimiyyətinin başçısı Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu deyib.
Həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımızın işğaldan azad olunacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə, o torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin açılacağına əminlik ifadə olunub.
Mərasimdə on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.