REGİONLAR
Samuxda karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar
Samux, 26 iyul, Elcan Məmmədov, AZƏRTAC
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alıuşağı, Sərkar və Ziyadlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Bundan başqa, rayon ərazisində fəaliyyət göstərən “Sərin” şadlıq sarayında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 20 nəfər restorana buraxılmayıb.