CƏMİYYƏT
Sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimələniblər
Bakı, 16 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Xəzər və Abşeron rayonlarında reydlər keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reydlər zamanı Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki donuzçuluq fermasının yaxınlığında sənaye tullantılarının yandırılması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci (atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) maddəsinin tələblərini pozduğuna görə Bakı şəhər sakini N.Salmanov barəsində protokol tərtib edilib və o, 600 manat məbləğində cərimələnib.
Abşeron rayonunun Hökməli qəsəbəsində isə məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədri R.Orucov barəsində protokol tərtib edilərək 3 min manat məbləğində cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.