SİYASƏT


Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib

Sankt-Peterburq, 10 may, AZƏRTAC

Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Sankt-Peterburqda Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları və Baş konsulluğun diplomatları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin andan olmasının 99-cu ildönümünü qeyd ediblər.

Baş konsulluğun təşkilatçılığı ilə dahi dövlət xadimi Heydər Əliyevin Qoroxovaya küçəsindəki barelyefi qarşısına toplaşan həmvətənlərimiz Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Tədbir iştirakçıları Ümummilli Liderin barelyefi qarşısına gül dəstələri düzüblər, xatirə fotoşəkilləri çəkdiriblər, onunla bağlı xoş xatirələrini bölüşüblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ümummilli lider Heydə Əliyevin həyat və fəaliyyətinə nəzər salaraq, Ulu Öndərin ömür yolunu sevdiyi xalqına həsr etdiyini vurğulayıb. Diplomat bildirib ki, Heydər Əliyev daim Azərbaycan dövlətini və xalqını düşünüb, ölkəmizin tərəqqisi naminə taleyüklü qərarlar verib.

Baş konsul xüsusilə qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz çiçəklənib və inkişaf edib. Ulu Öndər müstəqil Azərbaycanın banisidir, onun siyasi müdrikliyi nəticəsində müasir dövlətçiliyimizin möhkəm əsasları qoyulub. SSRİ dövründə strateji və iqtisadi cəhətdən vacib olan layihələr məhz Heydər Əliyevə həvalə edilib və onun sayəsində uğurla həyata keçirilib. Diplomat xüsusi vurğulayıb ki, 1982-1992-ci illərdə, ulu öndər Heydər Əliyevin Azərbaycandan uzaqlaşdırıldığı dövrdə vətənimiz artıq uçurumda idi. 1993-cü ildə Azərbaycan xalqının təkidi və xahişi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və ölkəmiz sözün həqiqi mənasında hər sahədə inkişafa başladı. Baş konsul bildirib ki, müstəqil Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə mövqelərini möhkəmlədib və müstəqilliyimiz əbədiləşib. Qeyd edilib ki, Heydər Əliyev xaricdə yaşayan həmvətənlərimizə və Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xüsusi diqqət yetirib. Bu gün Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə həyata keçirdiyi layihələrin böyük razılıq doğurduğu vurğulanıb.

Sultan Qasımov qeyd edib ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Diplomat qeyd edib ki, Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə sevgisi və hörməti əbədidir. Bu əlamətdar gündə həm Azərbaycanda, həm də xaricdə yaşayan həmvətənlərimiz Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edirlər.

Rəsmi hissədən sonra tədbir Baş konsulluğun inzibati binasında davam etdirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.