SİYASƏT
Sankt-Peterburqda azərbaycanlı sahibkarların və investorların Assosiasiyası təsis edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, cari il fevralın 24-də Sankt-Peterburqun Sənaye-Ticarət Palatasında Azərbaycan Respublikasının Baş Konsulluğunun və Sankt-Peterburqda yaşayan azərbaycanlı iş adamlarının birgə təşkilatçılığı ilə “Sankt-Peterburqdakı azərbaycanlı sahibkarların və investorların Assosiyasiyası” təsis edilmişdir. Bu məqsədlə keçirilən təsis iclasında 70-dən çox özəl şirkət rəhbəri, maliyyə qurumlarının nümayəndələri, bank rəhbərləri, ziyalılar, Sankt-Peterburq Sənaye-Ticarət Palatasının məsul işçiləri iştirak etmişlər.
İclasın moderatoru Sankt-Peterburq Dövlət Universitetinin aspirantı Samir Məmmədov çıxışında tədbir iştirakçılarına Assosiasiyanın əsas vəzifəsi və məqsədinin Azərbaycandan olan investorlara Sankt-Peterburqda və Sankt-Peterburq iş adamlarına Azərbaycanda əlverişli investisiya şəraitinin yaradılması, azərbaycanlı sahibkarlara hüquqi yardımın göstərilməsi, birgə biznes planlarının hazırlanması, şəhərdə təşkil edilən iqtisadi tenderlərdə azərbaycanlı sahibkarların iştirakının təmin olunması, kiçik və orta bizneslə məşğul olan azərbaycanlılara yardım göstərilməsi, Azərbaycanda fəaliyyət göstərən şirkət, istehsal müəssisələri və iş adamları ilə əməkdaşlığın qurulması istiqamətində işin aparılması olduğunu bildirmişdir.
Tədbirdə Sankt-Peterburqun sənaye-ticarət palatası sədrinin müavini Anton Savoşev Assosiasiyanın yaradılması münasibətilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, yeni yaradılan birliyin fəaliyyəti Sankt-Peterburqun iqtisadi həyatında yeni mərhələ açacaqdır.
Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu Qüdsi Osmanov çıxışında Assosiasiyanın yaradılmasının aktuallığını qeyd etmiş, təşkilatın Azərbaycan və Sankt-Peterburq arasında mövcud olan iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını, iş adamlarının biznes mühitində öz mövqelərini qoruyacağını və Azərbaycan diasporunun formalaşmasına töhfə verəcəyini xüsusi vurğulamışdır. Baş konsul demişdir ki, təsis edilən Assosiasiyanın Azərbaycan dövlətinin xarici siyasətində xalq diplomatiyası rolunu oynayacağı şübhəsizdir.
İş adamı, sahibkar Pərviz Quliyev Assosiasiyanın sədri seçilmişdir.
######