İQTİSADİYYAT
Sarvan Cəfərov: Strateji baxışlardan biri də azad olunmuş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılmasıdır
Bakı, 14 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatı fəaliyyəti ətraf mühit amilləri və təbii resurslardan bilavasitə asılıdır. Odur ki, ətraf mühitin mühafizəsi, eləcə də Yaşıl Konsepsiyanın tətbiqi sahə olaraq aqrar fəaliyyətə də öz müsbət töhfəsini verməkdədir. Eyni zamanda, aqrar siyasəti yürüdən qurum olaraq gördüyümüz işlərdə ətraf mühitə dost yanaşmanı hər zaman prioritet olaraq dəstəkləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatında bildirib.
“Ölkəmizdə xüsusən də işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqrasiya tədbirləri aparılır. Bu istiqamətdə nəzərdə tutulmuş strateji baxışlardan biri də azad olunmuş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılmasıdır. Qeyd olunan yanaşma Prezidentin siyasi iradəsinin təcəssümüdür. Belə ki, Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi üzrə 5 milli prioritet müəyyən edilib. Həmin milli prioritetlərdən biri də məhz “təmiz ətraf mühit” və “yaşıl artım” ölkəsidir. Dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş bu prioritet istiqamətin məqsədi perspektiv iqtisadi inkişaf ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsidir”, - deyə o vurğulayıb.
Sarvan Cəfərov bildirib ki, ötən ilin noyabr ayında Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında iqlim dəyişmələrinə təsirlərin azaldılması üzrə qlobal səylərə töhfə olaraq 2050-ci ilə emissiyaların səviyyəsində 40 faiz azaldılma hədəfi bəyan edilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilər 2050-ci ilə qədər “netto sıfır emissiya” zonası elan olunub.