CƏMİYYƏT
Saxta sənədlər hazırlayaraq qanunsuz torpaq alqı-satqısı ilə məşğul olan cinayətkar şəbəkənin üzvləri istintaqa cəlb olunub
Bakı, 30 aprel, AZƏRTAC
Əvvəllər məlumat verildiyi kimi, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlamaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaqla torpaq alqı-satqısı ilə fərdi qaydada məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1,12 hektar ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən olunub.
İstintaq zamanı Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda), 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, Mehman Ağayev, Zəfər Abdulov və Eldar Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barələrində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Mehman Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, axtarışa verilmiş Mehman Ağayev və Qərib Nadirov barələrində cinayət işinin istintaqı hazırda ayrıca icraatda Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilir.