İDMAN
Sebastyan Fettel: Luis Hamilton heç vaxt mənim üçün planetin ən yaxşısı olmayacaq
Bakı, 16 sentyabr, AZƏRTAC
“Ferrari”yə böyük ümidlərlə gətirilsə də, bu komandanın heyətində çempion ola bilməyən Sebastyan Fettelin “Aston Martin”də necə çıxış edəcəyi maraq doğurur. “Ferrari”də kənardan Luis Hamiltonun dominantlıq etdiyinə şahidlik edən almaniyalı pilot böyük ehtimalla “Aston Martin”də də eyni tamaşanı izləyəcək.
AZƏRTAC xəbər verir ki, mövsümün sonunda “Aston Martin”ə keçəcək Sebastyan Fettel “Sky Sport İtalia” nəşrinə geniş müsahibə verib. Almaniyalı pilot Luis Hamiltonun çempionluq sayında Mixael Şumaxerə çatacağına münasibət bildirib: “Luisin belə asanlıqla çempionluqları sıraladığına görə üzülürəm. Amma o bu səviyyəyə yüksəlməsinə görə öz üzərində çox çalışıb. Hamilton layiqli şəkildə bu uğurları qazanıb. Bütün bunlara baxmayaraq, Luis heç vaxt mənim üçün planetin ən yaxşısı olmayacaq. Mən həmişə birinci yerdə Mixael Şumaxeri görəcəyəm”.
Fettel “Ferrari”dəki uğursuzluğundan da danışıb: “Ferrari” ilə çempion olacağıma ümid edirdim. Biz çempionluğa yaxınlaşmışdıq, amma bu, məqsədə çatmağa kifayət etmədi. Təəssüf ki, heç nə alınmadı. Doğrusu, “Mercedes”ə paxıllıq edirəm. Halbuki, “Ferrari” daha yaxşı çıxış edə bilərdi. İstənilən halda, dərinə getmək istəmirəm”.