MƏDƏNİYYƏT
Səbinə Şıxlinskayanın “İllüziyalar” sərgi layihəsi
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 12-də Bakı Müasir İncəsənət Muzeyində Əməkdar Rəssam Səbinə Şıxlinskayanın “İllüziyalar” adlı işıq və video instalyasiyalardan ibarət fərdi sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə ən çox rast gəlinən şiddətli arzuların, habelə müasir cəmiyyətin üzvlərinin tam əksəriyyətinin bölüşdüyü niyyətlərin obrazlarını kinayəli şəkildə əks etdirən və canlandıran yeddi işıq və video instalyasiyalar nümayiş olunacaq. İnstalyasiyaların adları “Hakimiyyət”, “Şərəf”, “Azadlıq”, “Seçim”, “Xoşbəxtlik”, “Üfüqlər” və “Təbiət”dir. Bu əsərlərin təməlini bəşəriyyəti maraqlandıran ən zəruri suallardan biri - “Malik olmaq və ya var olmaq?” haqqında düşüncələr təşkil edir.
Məşhur psixoanalitik və freydo-marksist Erix Fromm “Malik olmaq və ya var olmaq?” adlı fundamental əsərində qeyd edirdi ki, bəşəriyyətin hüdudsuz səadət, azadlıq, bolluq və təbiət üzərində hökmranlıqla bağlı ümidləri məhz sənayeləşmə erasının gəlişinə təsadüf edir. Ehtimal olunurdu ki, qeyri-məhdud istehsal hədsiz istehlakı yaradacaq və beləliklə, bolluq vəziyyətinə gətirib çıxaracaq. Lakin nəticədə bu hal yalnız “malik olmaq” seçimini “var olmaq” seçimindən üstün tutan materialistik cəmiyyətin formalaşmasına səbəb oldu.
Neon işığın rəssam tərəfindən məqsədyönlü seçimi müasir reklamçılıqda geniş istifadə edilən material olaraq, işıq və rəng effektləri ilə istehlakçını cəlb edir. Səbinə Şıxlinskayanın məqsədi müasir cəmiyyətdə materialistik niyyətlərin cazibədarlığı və məşhurluğu ilə bağlı tənqidi və istehzalı baxışların nümayiş etdirilməsi olduğundan, təqdim edilən əsərlərdə vizual və semantik “illüziyaların” əks olunması üçün neon işığı ən mükəmməl ifadə vasitəsidir.
Səbinə Şıxlinskaya müasir konseptual və multimedia incəsənəti sahəsində fəaliyyət göstərən rəssam və müstəqil kuratordur. Onun yerli və xarici sərgi və layihələrdə çoxillik təcrübəsi var. Səbinə Şıxlinskayanın əsərləri dünyanın bir çox fərdi və muzey kolleksiyalarında saxlanılır və nümayiş olunur. Onun kuratorluq təcrübəsi Azərbaycanda və xaricdə həyata keçirilən 60-dan çox layihəni əhatə edir.
Sərgi 2015-ci il yanvarın 2-dək davam edəcək.