REGİONLAR
Seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər bir şərait yaradılıb
Culfa, 22 fevral, AZƏRTAC
Culfa rayonunda 6 saylı Culfa-Babək dairə seçki komissiyası üzvlərinin normal fəaliyyət göstərmələri, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər bir şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 21-də məntəqə seçki komissiyaları sədrləri və katiblərinin iştirakı ilə 6 saylı Culfa-Babək seçki dairəsində keçirilən ixtisaslaşdırılmış kursda məlumat verilib.
Dairə seçki komissiyasının sədri Əzim Əzimov tədbirdə çıxış edərək məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılmasından, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərin daha da təkmilləşdirilməsindən və seçki günü görüləcək işlərdən danışıb.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova, rayon məhkəməsinin sədri Mehrab Məmmədov, rayon prokuroru Əli Adıgözəlov, Polis Şöbəsinin rəisi Nəriman İbrahimov çıxış edərək bildiriblər ki, prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün rayon ərazisində 30 seçki məntəqəsi formalaşdırılıb. Bunlardan 7 məntəqə 7 saylı Ordubad-Culfa seçki dairəsinin, 23 məntəqə isə 6 saylı Culfa-Babək seçki dairəsinin tərkibində fəaliyyət göstərir.
Çıxışlarda qeyd olunub ki, seçkilərə hazırlıqla bağlı görülən işlər çərçivəsində məntəqə seçki komissiyalarının yerləşdiyi iş və səsvermə otaqları lazımi inventarlarla təmin olunub. Məntəqə seçki komissiyalarının yerləşdiyi binalarda, iş otaqlarında elektrik xətlərinin vəziyyəti yoxlanılıb, nasazlıqlar aradan qaldırılaraq fasiləsiz elektrik enerjisinin təminatı üçün əlavə tədbirlər görülüb. Məntəqələrin yerləşdiyi bina və iş otaqlarının telefonlaşdırılması başa çatdırılıb. Beş məntəqədə isə seçkilərin izlənilməsi üçün müşahidə kameraları quraşdırılaraq dayanıqlı internet xəttinə qoşulacaq. Hazırda Culfa rayonu üzrə əhalinin ümumi sayı 46 min 406 nəfərdir ki, bunlardan da 25 min 419-u seçki hüququna malik olan seçicilərdir. Seçicilərin 12 min 584 nəfəri qadın, 12 min 835 nəfəri kişilərdir. O cümlədən seçicilərdən 130 nəfəri ilk dəfə səs verəcək gənclərdir.
Vurğulanıb ki, namizədlərə bərabər şərait yaratmaq məqsədilə “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa və Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən seçkilərə 30 gün qalanadək yerlər müəyyənləşdiriləcək. Rayonun yaşayış məntəqələrinin gediş-gəliş çox olan küçə və meydanlarında seçkiqabağı təbliğat-təşviqat lövhələri yerləşdiriləcək.
Tədbir iştirakçılarına seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, seçki subyektləri, seçki hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri, seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu barədə də ətraflı məlumat verilib.
Sonra dairə seçki komissiyasının sədri Əzim Əzimov seçkilər günü məntəqə seçki komissiyalarında səsvermənin təşkili və səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən əsas vəzifələrdən danışıb və seçki prosesi ilə bağlı slayd nümayiş etdirilib.
Qeyd edək ki, ixtisaslaşdırılmış kurs Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədilə təşkil olunub.