SİYASƏT
Səfər Karakoyunlu: Beynəlxalq siyasətə, tarixi faktlara düzgün qiymətin verilməsi son dərəcə zəruridir
Bakı, 14 sentyabr, AZƏRTAC
Beynəlxalq siyasətə, tarixi faktlara düzgün qiymətin verilməsi son dərəcə zəruridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu jurnalistlərə müsahibəsində bildirib.
On yeddi nəfərdən ibarət nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan S.Karakoyunlu deyib ki, onlar əvvəlcə Gəncəyə, sonra isə Tovuz və Ağdam rayonlarına gedib, Ermənistanın Azərbaycana qarşı təcavüzünün canlı şahidi olublar. O, erməni quldurlarının XX əsrin əvvəllərindən Azərbaycanda törətdikləri vəhşilikləri xatırladaraq deyib: “Ermənilər sərhəd zonalarda dinc sakinlərə qarşı təxribatı bu gün də davam etdirirlər. Biz öz gözlərimizlə bunun şahidi olduq. Belə ki, Ağdamdakı dağlarda yaşıllıqları yandıran erməni işğalçıları kəndliləri qorxutmağa çalışırlar”.
S.Karakoyunlu, həmçinin Qubada soyqırımı məzarlığını ziyarət etdiklərini vurğulayaraq deyib: “Biz Türkiyəyə qayıdan kimi ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər barədə məlumatları bütün dünyaya çatdıracağıq”.