CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində tədbir keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Milli Qurtuluş Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında müstəsna xidmətlərindən danışıb. O, 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə ali siyasi hakimiyyətə qayıdan Ümummilli Liderin respublikamızı vətəndaş müharibəsindən və parçalanmaq təhlükəsindən xilas etməsindən söz açıb.
Z.Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyev daim Azərbaycan xalqına qarşı haqsızlıqlarla ciddi mübarizə aparıb və bu mübarizəni qətiyyətlə davam etdirib. Bu gün həmin qətiyyətli mübarizənin nəticəsidir ki, Azərbaycan xalqı azad, müstəqil dövlətdə yaşayır. Bu müstəqillik ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə bərqərar oldu. Bu gün gənclərimiz müstəqilliyin qədrini bilməli və ümummilli liderimiz Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevin uğurlu siyasəti ətrafında sıx birləşməlidirlər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.