REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Cəlilabadda vətəndaşları qəbul edib
Cəlilabad, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan 35 vətəndaşı qəbul edib.
Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Vətəndaşların müraciətləri əsasən işə qəbul, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər məsələlərlə bağlı olub.
General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq, aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.