SİYASƏT
Səfir Aksel Vex: Media müasir dövrün çağırışlarına sosial şəbəkələrin köməyi ilə cavab verə bilər VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Dünya mediasının qarşılaşdığı problemlər Avstriya mətbuatından da yan keçmir. Media müasir dövrün çağırışlarına sosial şəbəkələrin köməyi ilə cavab verə bilər.
Bu fikirləri oktyabrın 16-da AZƏRTAC-da keçirilən görüşdə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex səsləndirib.
Baş direktor Aslan Aslanov AZƏRTAC-ın ildən-ilə genişlənən informasiya mübadiləsinin coğrafiyasından danışıb, agentliyin dünyanın 40-dan çox ölkəsinin milli xəbər qurumları ilə ikitərəfli müqavilə əsasında əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
“AZƏRTAC Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Avstriyanın APA agentliyi ilə sıx əməkdaşlıq edir və bu nüfuzlu informasiya qurumunun baş icraçı direktoru Peter Kropşla aramızda səmimi dostluq münasibətləri yaranıb. Ənənəvi Bakı Beynəlxalq Humanitar Forumunda Avstriyanın media qurumlarının təmsilçiləri fəal iştirak edirlər”, - deyə baş direktor vurğulayıb.
2016-cı ildə Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının Baş Assambleyasının və Dünya Xəbər Agentlikləri Konqresinin keçiriləcəyi barədə qonağa məlumat verilib. Qeyd olunub ki, bu beynəlxalq tədbirlərdə avstriyalı nümayəndələrin iştirakı ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcək.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Aksel Vex medianın müasir dövrdə qarşılaşdığı problemlərə, sosial şəbəkələr və internet jurnalistikası ilə bağlı məsələlərə toxunaraq qeyd edib ki, bu tendensiya artıq bütün dövlət qurumlarının, o cümlədən səfirliklərin fəaliyyətinə də nüfuz edib. Media müasir dövrün əsas çağırışı olan operativliyi yalnız sosial şəbəkələrin köməyi ilə təmin edə bilər.
Avstriya və Azərbaycanın ikitərəfli əlaqələrindən bəhs edən səfir iki ölkənin media qurumları arasında əməkdaşlığın yeni məcrada daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.