CƏMİYYƏT
Səfir: Azərbaycanla Kuba arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur
Bakı, 21 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dövlət komitəsinin sədri Bahar Muradova Azərbaycan ilə Kuba arasında əlaqələrin tarixən dostluğa, qarşılıqlı anlaşmaya söykəndiyini bildirib. Komitə sədri ikitərəfli münasibətlərin, o cümlədən hökumətlər və parlamentlərarası əlaqələrin inkişafının önəmini vurğulayaraq, deyib ki, bu görüş hər iki dövlətin diplomatik nümayəndəliklərinin qarşısında duran əlaqələrin intensivləşdirilməsi sahəsindəki fəaliyyətinə müsbət töhfə olacaqdır. Bahar Muradova Kuba inqilabının lideri Fidel Kastronun xatirəsinə ehtiramını bildirib.
Alfredo Nieves Portuondo qeyd edib ki, Fidel Kastro və Heydər Əliyevin siyasi irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, yaratdıqları dövlətçilik ənənələri və təcrübəsi onların siyasi irsinin göstəricisidir. Ölkələrimiz arasında siyasi, diplomatik əlaqələrin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Səfirin sözlərinə görə, iki ölkə arasında ən vacib məqamlardan biri məhz pandemiya dövründə kubalı həkimlərdən ibarət iki briqadanın Azərbaycana göndərilməsi olub.
Görüş zamanı, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, həmçinin Kuba Qadınlar Federasiyası ilə əlaqənin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi ailə, qadın və uşaq məsələləri sahəsində də daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.